Haqqımızda

HR SUMMIT BAKU 2027

İnsan kapitalının inkişafı, strateji liderlik və beynəlxalq təcrübənin paylaşılması platforması 

2015-ci ildə ölkənin ilk irimiqyaslı korporativ insan resursları tədbirlərindən biri kimi “HR Forum Baku” adı altında əsası qoyulan layihə 2017-ci ildən etibarən “HR Summit Baku” brendi ilə fəaliyyətini davam etdirmişdir. 2015–2019-cu illərdə ardıcıl təşkil olunan tədbir peşəkar auditoriyası, nüfuzlu beynəlxalq spikerləri, strateji müzakirələri və yaratdığı dəyərlə Azərbaycanın insan resurslarının idarə edilməsi sahəsində aparıcı platformalardan birinə çevrilmişdir. İştirakçı sayı 2015-ci ildə 300 nəfərdən 2019-cu ildə 650 nəfərə yüksələn sammitdə dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, iri şirkətlərin rəhbərləri, HR direktorları və müxtəlif ölkələrdən dəvət edilmiş beynəlxalq ekspertlər iştirak etmişlər. Tədbirlərin rəsmi açılışlarında müxtəlif illərdə İdris İsayev, Xalik Məmmədov, Cavid Qurbanov, Sahil Babayev və Orxan Məmmədov kimi dövlət və korporativ sektorun nüfuzlu təmsilçiləri çıxış etmişlər. ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Türkiyə və digər ölkələrdən, o cümlədən Dünya Bankı və Facebook kimi beynəlxalq qurumlardan dəvət olunmuş ekspertlər sammitin beynəlxalq nüfuzunun formalaşmasında mühüm rol oynamışlar. “HR Summit Baku 2027” əvvəlki illərin uğurlu təcrübəsini daha geniş beynəlxalq əməkdaşlıq, aktual müzakirə mövzuları və yeni təşəbbüslərlə davam etdirməyi hədəfləyir. Tədbirdə iştirakçıların ən azı 10%-nin xarici ölkələrdən olmaqla 550-dən çox rəhbər və peşəkarın iştirakı planlaşdırılır. Sammitin rəsmi açılışında aidiyyəti dövlət qurumlarının yüksək vəzifəli nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tamgünlük proqram rəsmi açılış mərasimindən, iki strateji panel müzakirəsindən, interaktiv sual-cavab sessiyalarından və peşəkar şəbəkələşmə imkanlarından ibarət olacaqdır. Beynəlxalq standartlara uyğun təşkilati yanaşma, dörd dildə — Azərbaycan, ingilis, rus və türk dillərində sinxron tərcümə, müasir texniki təminat və yüksək səviyyəli iştirakçı komfortu sammitin əsas üstünlüklərindəndir. Tədbirin sonunda mükafatlandırma mərasimi və açıq havada musiqili proqramın təşkili planlaşdırılır. 2027-ci ilin əsas yeniliklərindən biri işəgötürənlərin əməkdaşların inkişafı və rifahı, eləcə də işçilərin peşəkar məsuliyyəti istiqamətlərində aparılacaq sorğuların nəticələrinin təqdimatı və müxtəlif nominasiyalar üzrə fərqlənənlərin elan edilməsi olacaqdır. Qiymətləndirmələr kommersiya maraqlarından asılı olmayaraq obyektivlik, şəffaflıq və real sorğu nəticələri əsasında həyata keçiriləcəkdir. “HR Summit Baku 2027” tərəfdaş və sponsorlar üçün də yüksək kommersiya və kommunikasiya potensialına malik platformadır. Tədbirə qədər, tədbir zamanı və sonrasında həyata keçiriləcək media kampaniyaları, rəqəmsal tanıtım, brend inteqrasiyaları, sərgi stendləri, təqdimatlar və birbaşa biznes əlaqələri tərəfdaşlara məqsədyönlü auditoriyaya çıxış imkanı yaradacaqdır. Təxminən 300 şirkəti təmsil edən HR rəhbərləri və qərarvericilərlə birbaşa təmas isə tərəfdaşların korporativ bazarda tanınması, yeni əməkdaşlıqlar qurması və daha geniş əməkdaş auditoriyasına dolayı çıxışı baxımından xüsusi əhəmiyyət daşıyacaqdır. “HR Summit Baku 2027” — insan kapitalının gələcəyini formalaşdıran ideyaların, liderlərin və imkanların bir araya gəldiyi strateji platforma.